ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

“İslam Əməkdaşlıq Təşkilatı modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycan mərhələsinə yekun vurulub
Sayta qoyulub: 12:49 15.05.2015 (996 dəfə oxunub)
Tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik korpusun, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ictimai xadimlər, proqramın 200-dək builki məzunu iştirak edib.
Əvvəlcə “İƏT modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycanda icrasını və nəticələri əks etdirən videoçarx nümayiş olunub.
İKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov tədbirdə çıxış edərək layihə barədə məlumat verib. O, bu layihənin həyata keçirildiyi beş il ərzində əldə olunan uğurlar, bu prosesdə Azərbaycanın mühüm rolu haqqında danışıb. Qeyd olunub ki, beş il ərzində layihə çərçivəsində İƏT ölkələrində keçirilən təlim və tədbirlərdə 15 mindən artıq tələbə iştirak edib. Onlardan 700-ə yaxını və ən fəalları məhz Azərbaycan gəncləri olub.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev təmsil etdiyi qurumun tərəfdaş olduğu bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını, Azərbaycanın təbliğinə xidmət etdiyini bildirib.
“İƏT modeli - Beynəlxalq Münasibətlər Akademiyası” İKGF-nin təşəbbüsü ilə təsis edilən beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İƏT-ə üzv olan 40-dək ölkədə eyni vaxtda həyata keçirilir.
Proqramın icrasına üç ay əvvəl start verilən “İƏT modeli - Azərbaycan” mərhələsində Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və s. ali məktəblərdən 200-ə yaxın tələbə iştirak edib. Bu mərhələdə 6 həftə ərzində tələbələr İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri və diplomatik nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə tanış olublar.
Proqramın əsas hissəsi olan yekun tədbirdə iştirakçılar İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısını reallığa uyğunlaşdırılmış formada simulyasiya edən “İƏT Xarici İşlər Nazirləri Sammiti”ndə İƏT-ə üzv ölkələr üzrə işçi qruplara bölünərək bu təşkilatın əhatə etdiyi coğrafiyada mühüm siyasi və dünyanı narahat edən problemlərlə bağlı müzakirələr apararaq müvafiq qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə hazırda Yəməndə gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, habelə Yaxın Şərqdəki münaqişələrin həlli üzrə təşəbbüslər əksini tapıb.
Bağlanış mərasimində proqramda xüsusi istedadı və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsusi hədiyyələrlə və diplomlarla təltif olunub. Onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT modeli - qlobal sammit”də iştirak hüququ əldə edib.
“İƏT modeli - qlobal sammit” proqramı İƏT-ə üzv 40-a yaxın ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə daha geniş miqyasda, hər il təşkilata üzv ölkələrin birində keçirilir. İlk belə sammit 2011-ci ildə İstanbulda, ikincisi 2012-ci ildə Kazanda, üçüncüsü isə 2013-cü ildə Kuala-Lumpurda təşkil olunub.


İƏT haqqında