ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

“İƏT Modeli” Beynəlxalq Təhsil Proqramı
Sayta qoyulub: 15:23 15.04.2011 (4199 dəfə oxunub)
Proqramın məqsədi

İƏT modelin məqsədi İƏT məkanında gənclərin yaşadıqları ölkələrin ictimai həyatında fəallığına dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Bu proqram xüsusilə Avrasiya məkanında yerləşən ölkələrdə fəaliyyət göstərən gənc liderlərin beynəlxalq səviyyədə təmsiliçilik işinə töhfə vermək məqsədi güdür.

“Model oyunlar” metodologiyası üzrə keçirilməsi nəzərdə tutulan məşğələlər gənclərdə istər liderlik qabiliyyətlərinin gücləndirilməsi, həmçinin danışıqlar aparmaq qabiliyyətlərinin formalaşmasına xidmət edir.

İƏT modelin təsviri

“İƏT modeli” proqramı çərçivəsində gənc liderlər üçün İƏT və ona bağlı qurumların fəaliyyəti və dünyada tutduqları mövqe, İƏT ölkələrinin məxsus olduqları sosial fenomen və ortaq sivilizasiya irsinin öyrənilməsi, mədəniyyətlərarası dialoq prosesində Azərbaycanın artan rolu, insan hüquqları, qloballaşma, gender bərabərliyi kimi aktual mövzular üzrə mühazirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, modulasiya məsələləri çərçivəsində azərbaycanlı və ölkəmizdə təhsil alan xarici gənclərə İƏT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar praktik məsələlərin müzakirəsi planlaşdırılır.

Proqramın ilkin mərhələsində iki ay ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT coğrafiyasında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər hazırlanacaq. İki aylıq müzakirələrin nəticəsi olaraq model oyunlar çərçivəsində “İƏT Sammiti” keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaqdır.

Müxtəlif İƏT ölkələrini təmsil edən gənclərə həmin ölkələrin Bakı şəhərində akkreditə olunmuş səfirliklərinin əməkdaşları müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar. 2 ay davam edəcək kursların sonunda keçiriləcək “İƏT sammitində” qələbə əldə edən işçi qruplar xüsusi mükafatla təltif olunacaqlar.

Bu proqramın həyata keçirilməsində “BMT modelindən” və bu sahədə başqa aparıcı beynəlxalq təşkilatların müvafiq təcrübəsindən istifadə edilmişdir.

Iştirakçılar

İƏT Modelin əsas iştirakçıları Bakının aparıcı universitetlərində təhsil alan yerli və xarici tələbə gənclərdir. Proqram üçün xüsusi komissiya tərəfindən müsahibə əsasında seçilib, tələbə və gənclər bütün mühazirələrdə və seminarlarda iştirak edəcəklər.

İƏT haqqında